Tərəkəmə yaradıcılığı

Quzuçuyam, quzu məndə,
Yığıb tökərəm kəndə. 
Ay alagöz tat qızı 
Yaylığın qaldı məndə.

 

Yaylığına köz düşüb,
Sinəm yara, göz düşüb.
Tuti dilim lal olub
Harda səndən söz düşüb.

 

Yaylığının yanı buta,
Yudum qurutdum suda.
Həsrətinlə bitən ömür
Çətin səni unuda.

 

Quzuçuyam, quzum ağ,
İnsaf et, göndər sorağ.
Quzum gözünə qurban
Bir də məni et qonağ.


Uzaq düşdüm yenə səndən,
Qara saçım oldu dən-dən.
Çıxdı canım getdi əldən
Bir bəri bax, a yun didən.

 

Əzizim dəniz olmaz,
Balıqsız dəniz olmaz.
Çubuğu bərk vurmasan 
Heç yunun təmiz olmaz.
Cəhrə, cəhrə, ay cəhrə,
Ayağımın bəndi cəhrə.
Sındıraydım tez səni 
Bir gəzəydim kəndi, cəhrə.
Kəndimizin yolları,
Qızılgülün kolları.
Qızıl saat olaydı
Sevgilimin qolları.
Qoyunumun yunu ağ,
Qaymağı tabax-tabax.
Qoyma ki, çox mələsin
Balasını tez burax.
Yunu qoydum bucağda,
Əlçimlədim darağda.
Şorum torbada qalıb
Süd də daşır ocağda.
Yollara daş qoymuşam,
Üstünə baş qoymuşam. 
Gözümdən axan qandı 
Adını yaş qoymuşam.

 

Əzizim, kürsüdə mən,
Ayətəl kürsüdə mən.
Ata igid olsa da 
Kür olar kür süd əmən.

 

Asmalığın ağır gərək,
İçi dola bağır gərək.
Ağır eldən çıxanın
Mərifəti ağır gərək.
O taya düşən evlər,
Düşüb düzlüşən evlər.
Öynüz öymüzə dönsün
Bizə gülüşən evlər.
 

Mən öldüm, anam qaldı,
Oduma yanan qaldı.
Dərdimi kamana çək
Nişanlı sonam qaldı.
Qərib yalı tərlidir,
Çiçəkləri zərlidir.
Çox güvəndim sevgimə
Demə qəm hünərlidir.
Dərə bulaq gəlindi,
Çatmaz ona əl indi.
Sağlığımda gəlmədin
Di, ölürəm, gəl, indi.
Aşiqinəm, sarı qız,
Yarı mələk, yarı qız.
Sarı pirə nəzir de
O, gətirər yarı, qız.

 

Ocaq daşı, yurd daşı,
Çağır dostu, yoldaşı.
Yolum uzağa düşdü
Yoldaşım da yol daşı.
O tayda mal mələdi,
Dili yox lal mələdi.
Dilin düşmən başına
Dilin nə kür mələdi.
Ay qız, ozan olmusan,
Ozan-xızan olmusan.
Əlində qəm dəftəri
Dərdi yazan olmusan.

 

Qəbristanlıq kənd olub,
Ətrafı çərbənd olub.
Viran qalsın oranı
Hər gedənim bənd olub.

 

Ay bizdə yatan oğlan,
Qızıl alma satan oğlan.
Ver mənim tül başmağımı
Üstü dolu gül başmağımı.

 

Sizin evdə yatar olsam,
Tül başmağını tapar olsam,
Sənsə mənə bir yar olsan,
Verərəm tül başmağını
Üstü dolu gül başmağını.

 

 

share.in.social