Tərəkəmə fəndləri

Bəlgə bağlamaq – Tərəkəmələr dava-dalaş zamanı özlərini müdafiə etmək üçün müxtəlif üsullardan istifadə edirlərmiş. Davaları da ən çox hallarda it üstündə, örüş üstündə olarmış. Əsas silahları da çomaq olub. Dava zamanı üst geyimini (kürk, arxalıq, yapıncı) cəld soyunaraq sol əllə boyun hissəsindən yapışıb biləyinə dolayırlar. Sağ əllə də çomağı davaya sazlayardılar.  Bəlgə dava zamanı rəqibin zərbəsini dəf etmək üçün “qalxan” rolunu oynayardı.

 

Qoltuqdançıxma -  Tərəkəmələrin əsas silahının çomaq olduğunu hamilir. Amma tərəkəmələrin “gizli silahi” da olarmış. Bu hər tərəkəmənin təxminən öz qolu uzunluğunda kiçik çomaq olurdu. Həmin çomağın yumru tərəfi qoltuğun altında, qalan hissəsi isə ya paltarın qolunda, ya da  belindəki qurşağa taxılı vəziyyətdə üst geyiminin altında gəzdirərmişlər. Kənar yerə, şəhər-bazara gedərkən mütləq özləri ilə aparardılar. Ekstremal vəziyyətdə çoxlarının gözləmədiyi anda  həmin o “qoltuqdançıxma”dan istifadə edərdilər.

 

Qurd quyusu – qoyunun saxlandığı banıssanın (tövlə, halay) ətrafında bir neçə yerdə 2,5 – 3 metr dərinliyində quyu qazılır. Quyunun içərisinə ucu iti yonulmuş 8-10 ədəd çubuq basdırılır. Üstünü çır-çırpı ilə “bəzəyib” nazik torpaqla örtülür. Qoyun ətini xoşlayan yırtıcılar ova gələrkən arzularına çatmadan bu tələlərin qurbanı olardı.

share.in.social