Üstü basdırdı
Bu oyun gecə yaylım vaxtı oynanılır. İştirakçılar iki komandaya bölünür. Bir-birindən 30-40 metr aralı “yurd” qururlar. Həmin “yurd”da komandanın üzvlərindən bir nəfərin üstü paltarla, yapıncıyla möhkəm basdırılır. Hazır olduqda fitlə, ya da əl çalmaqla o biri komandaya işarə edilir. Rəqib komanda da həmin işarəni təkrar etdikdə deməli onlar da hazırdır. Sonra komandalar rəqiblərinin kimi basdırdıqlarını öyrənmək üçün bir-birlərindən 10-15 metr aralı olmaq şərtilə yerlərini dəyişirlər. Yerişindən, boyundan tam tanınmamaq üçün komanda üzvləri çox sıx, topa şəkildə hərəkət edirlər. Rəqib komandanın “yurd”una çatdıqda kimin basdırıldığını tapmaq üçün “Çoban baba, fit ver!”, deyə ondan yalnız fit çalmasını tələb edirlər. Yapıncının altında basdırılan da fit çalır. Fit çalmağı bir neçə dəfə təkrar tələb etmək olar. Hansı komanda basdırılanın fit verməyindən tanısa, adını düzgün söyləsə, həmin komanda qalib hesab edilir.
Südlü sülük (sümük)
Bu oyun da yaylım vaxtı, gecə aydınlıq olanda oynanılır. İştirakcılar hamısı bir komanda şəklində olur. Oyunu oynamaq üçün təxminən ovucun içi boyda bir sümük tapılmalıdır. İlk öncə həmin sümük komandanın razılığı ilə ixtiyari bir nəfərə verilir. Qalan iştirakçıların hamısı üzlərini çevirərək gözlərini yumurlar. Sümük əlində olan iştirakçı onun hara atmağını iştirakçılardan heç kəsin görməyəcəyinə əmin olmalıdır. Ona görə də iştirakçıları nəzarətdə saxlayır. Sonra əlindəki sümüyü var gücü ilə kənara tullayır və iştirakçılardan gözlərini açıb sümüyü axtarmalarını istəyir. Axtarılan əşya gec tapılarsa, sümüyü atan onun istiqəmətini göstərməklə özü də axtarışa qoşula bilər. Sümüyü kim tapsa qalib olur və onu atmaq hüququ qazanır.
Ard ağacı
Bu oyun gündüz oynanılır. Tərəkəmə çobanlarının ən çox sevdiyi oyundur. Ona görə ki, bu oyun zamanı hər kəsin uzununa tullanmaq və əl ağacı ilə uzaqdan hədəfi vurmaq bacarığı ortaya çıxır. Burada da iştirakçılar hamısı bir komanda şəklində olur. Bir nəfər hamının əl ağacını əlinə alır. Üzü istiqamətində düz tutaraq arxasına atır. Arxaya düz istiqamətdə düşən əl ağaclarının sahibləri öz çomaqlarını götürüb gözləyirlər. Bu həm də onların əl ağaclarının növbəti mərhələdə ilkin yer tutmalarına əsasdır. Düz düşən əl ağaclarına perpendikulyar düşən əl ağacları yığılaraq təzədən atılır. Əgər ağaclardan yenə hansınınsa düz istiqamətə düşməyəni varsa proses yenidən təkrar olunur. Sonra əvvəlki prosesdə ilkin götürülən əl ağacları hər birinin arası bir ayaq boyu (təxminən 20-25 sm) olmaqla ard-arda köndələn yerə düzülür. İştirakçıların sayı çoxdursa, əlbəttə məsafə uzanacaq. Və əl ağacı birinci olan iştirakçı həmin düzülmüş ağacların üstündən tullanır. Əsas şərt budur ki, bütün ağacları adlasın və ayağı sonuncu qoyulmuş əl ağacına toxunmasın. Bu mərhələni keçəndən sonra ayağının birini dizdən büküb əli ilə tutur və tək ayağı ilə ağacları adlayıb keçir. Agaclara toxunmaq olmaz. Bu mərhələni keçdikdən sonra o, artıq növbəti mərhələyə keçmək hüququ qazanır. Bu iki mərhələnin hər hansında qaydanı pozsa onun əl ağacı götürülüb ən axırda qoyulur. Beləliklə, iştirakçılar hamısı bir-bir bu mərhələləri keçirlər. Keçə bilməyən, sona qalan iştirakçının ağacı hədəf kimi dik yerə basdırılır. Hədəf kimi basdırılan əl ağacından hərəsinin arası bir addım olmaqla iştirakçıların sayı qədər mərə (Mərə - torpağın üstündə təxminən bir yumurta yerləşən kiçik çala) qazılır. İştirakçılar hədəf əl ağacından uzaqda sonuncu mərədən öz əl ağaclarını atmaqla hədəfi vurmalıdır. Hədəf olan əl ağacının sahibi isə hədəfin yaxınlığında durub gözləməlidir. Kim hədəfi vursa, o, sərbəst gedib özünün və başqalarının əl ağaclarını yığıb gətirə bilər. Hədəfi vurmayanın adlamadığı (yəni vura bilmədiyi; əgər birinci mərəni vurmayıbsa ondan hədəfə doğru keçə bilməz) mərədən irəli keçmək hüququ olmasa da hədəf olan ağacın sahibini cırnatmaq məqsədilə ya atdığı ağacı gətirməyə cəhd etdikdə, ya da adlamadığı mərəni keçdikdə hədəf sahibi ona əlini toxundursa, həmin qayda pozan hədəfçini əvəz edir. Əgər hədəfi heç kəs vura bilməsə hamı öz əl ağacını götürüb adlamadığı hədəfdən geri keçməyə çalışmalıdır. Bu zaman geridə qalan hədəf sahibi olur.
Çoban andı
Bu oyunu ən çox yaşlı çobanlar cavan təcrübəsiz çobanları “tora salmaq”, “aldatmaq” üçün fikirləşiblər. Əl dəsmalı baş barmaqla şəhadət barmağın arasına yerləşdirilib ortası çökəldilir. Sonra həmin çökəkliyə kiçik bir saman çöpü qoyulur. Rəqib həmin saman çöpünü cəld diliylə götürməlidir. Kimin ki oyundan xəbəri var, dilinin çox cəld hərəkəti ilə saman çöpünü götürür ya da dilini çəkir. Ləng hərəkət edənin dilini əlindəki dəsmalla tutub saxlayır. Sonra nə şərt deyilsə dili “tələyə düşən” çoban razılaşır. Razılaşmayınca dilini buraxmır. Şərtlər də əsasən: “Sürünü bu gün sən otaracaqsan, mən oturacam”, “ Obaya gedib günorta yeməyini sən gətirəcəksən”, “Bu gün mənim ərzaq, su bağlamamı sən gəzdirəcəksən” və s. kimi olur.