Tərəkəmə mətbəxi

Şan-şan Tərəkəmə əhlinin bişirdiyi yemək növüdür. Bu bişinti mal vaxud qoyunun ağız südündən hazırlanır. Ağız südü (yenicə doğmuş heyvanın ilkin mərhələ südü) bir qədər un və şəkər tozu ilə qarışdırılıb isti sacın üzərinə yavaş-yavaş tökülür. Sacın ortasından tökülən süd ətrafa xaotik şəkildə yayılır. Anındaca bişdiyindən sacın kənarlarına çatmır. Amma kənarları dilim-dilim, parça-parça olduğundan, həm də süd bişdikcə qabarcıqlar partlayıb deşiklər yaranır ona görə də  adına şan-şan deyilir. Bədii ədəbiyyatda bu sözə rast gəlmək mümkündür.
Aşiqlər bağrını şan-şan eylərsən, 
Gündə birin kəsib qurban eylərsən,
Hər qıya baxanda yüz qan eylərsən
Müşküldür dolanmaq, yağı, səninlə. (Q.Zakir). 
Çəkib almaz kirpiyini 
Bağrımı şan-şan elədin. ( Aşıq Ələsgər).

 

Suluq  - Bu yemək də ağız südündən hazırlanır. Quzu doğulduqdan sonra düşən plasentada (tərəkəmələr buna ətənə deyirlər) olan döl (embrion) kisəsində yığılan baş suyu boşaldılırSonra kisə ayrılıb yuyulur, içərisi ağız südü ilə doldurulur və közə basdırılır.Tam qızarıb bişdikdən sonra doğranıb süfrəyə verilir.

 

Qurut  - yay vaxtı, yaylaqda süzmə qatıqdan indiki peçenye şəklində düzəldilib təmiz çit parçanın üstündə qurudulur. Sonra yenə bir çit parçadan olan torbaya yığılıb qışa saxlanılır. Lazım olanda həmin “peçenye”lərdən 5-10 dənə ilıq suda isladıb istifadı edərmişlər.

 

Qaxac – Mal və qoyun ətindən hazırlanır. Təzə kəsilmiş heyvanın əti  hissələrə bölünür, duzlanır və asılaraq qapalı yerdə qurudulur. Əsasən qışda istifadə etmək məqsədi ilə edilirdi.

 

Umac – qış yeməyidir. Una müvafiq miqdarda su çilənərək əldə ovulur. Sonra xəlbirdə keçirilərək unu ayrılır.  Hazır olan umaca lazımi qədər su tökülür, əvəlik qurusu, nanə, yarpız əlavə olunaraq bişirilir. Bacardıqca isti içmək məsləhətdir. Müalicəvidir, soyuqdəymə zamanı, xüsusən bronxların müalıcəsində istifadə olunur.  Umacı hər kəs ova bilmir. Buna xüsusi bacarıq və səriştə lazımdır.

 

Qara əriştə  də - qış yeməyidir. Xəmir yoğrulur və nazik əriştə kəsilir. lazımi qədər su tökülür,noxud, lobya,  əvəlik qurusu, nanə əlavə olaraq bişirilir. Zövqə görə istiot, duz əlavə olunur. Ən çox mədə, bağırsaq soyuqdəymələri zamanı istifadə olunur.

 

Südlü əriştə - bu da ən səhər yeməyi rasionuna daxildir. Xəmir yoğrulur və nazik əriştə kəsilir. Lazımi qədər süd əlavə olunur və bişirilir. Az miqdarda düyü də əlavə etmək olar.

 

Tutmac – sərinləşdirici yemək kimi yayda yeyilir. Xəmir yoğrulur və nazik əriştə kəsilir. Lazımi qədər su əlavə olunur və bişirilir. Süfrəyə verildikdən sonra sarımsaqlı ya da zövqə görə sarımsaqsız təzə qatıq əlavə olunur.

 

Yarma aşı – buğdanın , düyünün yarmasından hazırlanır. Su yaxud da sülə bişirilir. Yarmanı buğdadan almaq üçün yarma daşından (kirkirə, əl dəyirmanı)istifadə olunur. İndi də həmin yarma daşlarından bəzi evlərdə saxlanılır və istifadə olunur.

 

Tərəkəmələr yağı duzlayıb qursaqda (heyvanın mədəsinin 4 hissəsindən biri) uzun müddət saxlaya bilirdilər.

 

Tərəkəmələr baş pendir hazırlamaq üçün bir şüşə bankaya qursaqdan bir hissə, duz, bir (turşu balaca olduqda iki) alça turşusu və bir çimdik düyüny kətana bağlayıb üstünə su töküb bir müddət saxlayırlar. Sonra onun suyunu südə qarışdırıb pendir tuturlar. Sonradan həmin mayanı saxlamaq üçün onun suyu hazır pendirin duru suyu ilə əvəz olunur.

 

share.in.social