Bu yazını 3 min il bundan əvvəl “Pazırıq” xalçasını toxuyan türk nənənin ruhuna hədiyyə edirəm.
Dünya xalqları içərisində türk xalqları tarix səhnəsində olduqları zamanlarda siyasət sahəsində başqa xalqlardan fərqləndiyi kimi təsərrüfat, folklor, yazı (Kültekin yazıları) və başqa mədəniyyət sahələrində də fərqlənmişlər. Türk sənətkarlarının düzəltdiyi qızıl, gümüş əşyalar dünya muzeylərinin əsas eksponatlarıdır. Onlar təkcə metal əşyalarla kifayətlənməyib təsərrüfatlarında olan qoyun, keçi və dəvə yunundan tərəkəmə evləri üçün lazımi avadanlıqları - döşənəcəkləri, ev əşyalarını daşımaq üçün farmaş, alaçığın üstünü örtmək üçün keçə-qəlib, alaçığın içərisini döşəmək üçün xalça, palaz, xalı və s. toxuyublar. Bunlardan bizim xalqımız ələlxüsus Şirvanda xovsuz xalça növü olan palaz toxunuşu da geniş yayılmışdır. Palazın özünün də bir neçə növü olmuşdur. Pambıqla, üfüqi istiqamətdə toxunan palazlarla yanaşı, yundan toxunan mürəkkəb və maraqlı çeşidlərdə “qollu”, “qobustanı”, “xoruzlu” palaz növləri də mövcuddur. Bu palaz növləri ilə yanaşı, toxunuşu tamam başqa üsulla olan “qayaq” və “sumağı” palaz növləri də var. Amma indi o növdə palaz toxuyan yox dərəcəsindədir. Çox təəssüf ki, xalqımızın bu tarixi ənənəsini yaşatmaq istəyən azdır.
Palazı toxumağa başlamaq üçün qoyun yunlarından seçib saf və uzun hissəsindən hazırlanır. Boz rəngli yun ən çox istifadə edilir. Ancaq ağ rəngli qoyun yunundan əyrilən iplər ehtiyac olan yerlərə toxunur. Ümumiyyətlə bir palaza 8 kq yundan əyrilmiş ip istifadə olunur. Yun əvvəlcə təmiz yuyularaq daranır (indi isə maşınla daranır, atdırılır) sonra cəhrə vasitəsilə əyrilir. Əyrilmiş iplər “dükcə” şəklində olur. İpləri əyirib qurtardıqdan sonra hər iki dükcənin ipləri əllə çözələnərək açılır. Beləliklə, bütün iplər qoşa-cüt şəkildə çözələnərək açılır. Sonra həmin ipləri təzədən cəhrə vasitəsilə “bükdərmə” yolu ilə əyirirlər. Bükdərmə mərhələsi bitdikdən sonra “kələf” düzəltmə mərhələsi başlayır. Kələf etmə işini adamlar yerdə bardaş qurma kimi oturub ipləri 8 rəqəmi şəklində dizlərə dolayırlar. Bükdərilmiş ipi dizlərə doladıqdan sonra nazik dəstələrə - şoqqalara ayıraraq bölürlər. Şoqqalara bölünən ipləri “kələf” adlandırırlar. Bundan sonra iplərin boyama mərhələsi başlayır. Boyamada nar qabığından, soğan qabığından, bəlgə deyilən ağacın kökündən istifadə edirlərmiş. İpləri qazanda boyananda qara qoyun sidiyindən istifadə ediblər. Amma müasir texnologiyada isə “kislota” deyilən turşu olan sulfat turşusundan istifadə olunur. Bir palaza aşağıdakı şəkildə rəngli ip lazım olur.
2 kq qırmızı
2 kq abı (mavi)
2 kq qara
1 kq yaşıl
0,5 kq gül rəngi
0,5 kq sarı
0,5 kq ağ
0,5 kq narıncı.
Bu qədər ip 4x2 ölçüdə bir palaza kafi gəlir.
Tarixən palazın toxunmasında pambıq və yun qatlı ərişdən istifadə olunub. Hər bir palazın toxunmasında 2 və 2,5 kq əriş lazım olur.
Palazı toxumaq üçün “xana” və “ox” deyilən “xana”nın alt hissəsi torpağa basdırılır, “ox” isə “xana”da olan “dəhliz” adlanan yuvalara yerləşdirilir. “Xana”larda adətən 3 yerdə yuva – “dəhliz” olur. “Xana”nın ortasında olan “dəhliz” isə “çuvallıq” adlanır, çünki bu “dəhliz”ə taxılan “ox”da çuval toxuyublar. Palazın toxunmağa başlamasından öncə nar gazalı (qabığı) ilə boyanmış ərişi oxa dolamaq lazımdır (bu əməliyyata çiləmə deyirlər). Sonra xananın “uzadılması” prosesi başlayır. Ərişi alt və üst oxa düzmək üçün 2 nəfər adam lazımdır. Bir nəfər bir qədər hündür yerdə duraraq oxda ərişləri nizamla düzür. Aşağıda oturmuş adam isə alt oxun üstünə ərişləri nizamlayır. Palazın ərişləri düzülüb qurtardıqdan sonra üst xanadakı ərişlərin üstünə bir qədər un və bir miqdar da kül götürülür, su ilə qarışdırılır və ərişlərin üstünə çəkilir. Ona görə edilir ki, ərişlər boşalıb yerini dəyişdirməsin. Bundan sonra sağ tərəfdəki xana ilə sol tərəfdəki xanaya “kücü” ağacı deyilən bir ağac (diametri 7-8 sm) bağlanır. Həmin ağac palazda istifadə olunan ərişdən bir qədər qalın iplərlə ərişlərə diqqətlə bağlanır.
Palaz toxunmağa başlamazdan əvvəl alt oxuna paralel olaraq ərişlərin içərisi ilə bir qədər qalın ip çəkilərək toxunuş başlayır. Toxunuşda kirkid və həvə adlı alətdən istifadə olunur. Kirgid dəmir materialdan, həvə isə möhkəm oduncaqlı ağacdan düzəldilib.
Palaz haqqında bəzi ata sözləri, xalq inancları və deyimləri var.
- Palaza bürün, elnən sürün.
- Hər kəs yuxuda kəsilməmiş palaz görsə, demək dar ayaqda olan bir qadın uşaq dünyaya gətirəcək.
- Yuxuda yeni, təzə palaz görmək qazancın genişliyinə işarətdir.
- Yuxuda palaz görmək elə, obaya işarətdir.
Yazdı:
Ağsu rayonu Gəgəli kənd sakini, təqaüddə olan tarix müəllimi: Musa Musayev