Axtaçı-Gəgəli obasının sakinləri ənənəvi olaraq hər il axır çərşənbə gecəsi səhərin alatoranına qədər otururlar. Onlar niyyət edir, bir növ səhəri bu cür bir yerdə ictimai həmrəylikə açırlar. Bu ictimai həmrəylik (qohum-əqrəba, qonum-qonşu) tərəfləri uzun müddətdir ki, bir-birlərini görmürlər. Başqa şəhərdə, başqa yerdə yaşayan gəgəlililər hamısı oturulan evə toplaşır ki, səhərə qədər bir yerdə yatmadan otursunlar. Burada keçmişi xatırlama, adət-ənənə, dastanlar, bəlkə də başqalarının eşitmədiyi, bilmədiyi bir çox məqamlar ortalığa tökülür.
At gövşəyir? Türklər islamdan öncə at ətini yedikləri və südünü içdikləri üçün islamı qəbul etdikdən sonra da bu ənənə birdən-birə aradan qalxmamışdır. Hələ də bir çox türk obalarında atın gövşəməsinə inam vardır. Axtaçı-Gəgəli obasında da niyyət tutular, axır çərşənbədə göz qırpmadan atın nə zaman gövşəyəcəyini gözləyərlər. Atın gövşədiyini görənlərin niyyəti baş tutar, görməyənlərsə gələn il yenə bunu təkrar edərlər. Beləliklə, dolayısı ilə insanlar inanırlar ki, at gövşəyən heyvanlar sırasına daxildir.
Heyvanlar oddan keçirilir. Axır çərşənbənin qaranlığı sona çatır. Alatorandır. Gəgəlililər özləri ilə yanaşı heyvanlarını da odun arasından keçirirlər. Tövlənin qapısı açılır və hevanlar iki tonqalın arasından keçərək sanki yeni günə, yeni ilə başlayır. Bu bizə ola bilsin ki, qapının açılıb heyvanların iki odun arasından keçərək yeniliyə, yeni həyata, yeni can qazanmış otlaqlara çıxışını göstərir. Oturaq əhalidən fərqli olaraq, bir zamanlar yarımköçəri yaşamış obalar heyvanlarını düşünür. Onun çərşənbəsində də məhz öndə gedən heyvanlardır.
Kənd sakini Muxtar kişi deyir ki, “bizim obamızda çərşənbə tonqalları hər zaman avarla, irmiylə yandırılır, odundan istifadə olunmur. İstər avar, istərsə də irmiy heyvanın qarşısından çıxan yararsız ot-ələfdir. Avarla qalanan tonqalın üzərindən hoppanan insanlar deyirlər: “Ağırlığım-uğurluğum yerlə getsin, ALLAH ruzimizi yetirsin”. Amma bir məqamı da unutmaq olmaz ki, ocağın üzərindən üzü qibləyə hoppanmasan işin avand getməz”.
Tarixi mənbələrdə insanların iki tonqalın arasından keçməsi kimi məlumatlar var. VI əsrdə Bizans salnaməçisi göytürklərin ölkəsinə səfər edir. Onu sərhəddən məhz iki tonqalın arasından keçirib ölkəyə buraxırlar.
Mustafa Akkuş yazır ki, türk-monqol inancına görə od hər şeyi təmizləyər və pis ruhları qovardı. Monqollarda odla arınma ilə bağlı nümunələr çoxdur. Plano Karpini Batı xanın sarayına çatanda ona iki od arasından keçməsini bildirmişlər, ancaq o, heç bir şəkildə buna razı olmamışdır. Onda monqollar “Bu odun arasından böyük bir hüzurla keçin, çünki bunu başçımıza qarşı hər hansı bir pis niyyətiniz olmasına və ya zəhər gətirməyinizə görə edirik. Od hər cür pisliyi ortadan qaldırır” – deyərək bildirmişlər. Ona görə də Karpini “hər şeyin odla təmizləndiyini, elçilər, şahzadələr və ya hər hansı bir əcnəbinin gələndə gətirdiklərinin hər hansı bir pislik etməsi şübhəsinə qarşı arınmaları üçün iki od arasından keçmələrini” yazmışdır. Sonralar Rusiya şahzadələrindən Mixail Batı xanı ziyarət edəndə monqolların onu da iki od arasından keçirdiklərini görürük. Qərb dünyasının monqollara göndərdiyi elçilərdən biri Rubruk hər hansı bir hədiyyə gətirmədiyi üçün odla təmizlənmədiyini yazmışdır. Rubruk və Karpini odda arınma hadisəsini belə təsvir edir: “İki od yandırdıqdan sonra yaxınlıqda iki nizə basdırarlar və nizələrin təpəsi bir iplə bir-birinə bağlanır. Bu ip üzərinə bir neçə parça bez bağlanır. İpin və iki od arasına bağlanan bez parçalarının altından insanlar, heyvanlar, arabalar və əşyalar keçir. İki qadın hər biri bir yandan olmaqla həm su tökür, həm də bəzi ağılar oxuyur”. Monqollar var olan odla arınma adətlərini sonrakı dövrlərdə qurduqları dövlətlərdə də eynən davam etdirmişlər, hətta buna razı olmayan əcnəbi elçilik heyətlərini arınma mövzusunda məcbur etmişlər. Odla təmizlənmə ayinləri Elxanilərlə İran, Azərbaycan, Suriya və Anadolu bölgəsinə yayılmışdır. Mənbələrə görə, Elxani hökmdarı Arqun xanın gecəni keçirdiyi bina bir fırtına nəticəsində yanmış, qohumlarının çoxu yanğında ölmüşdür. Yanındakı yüksək rütbəli hərbçilər monqol ənənələrinə və Çingiz xan yasasına görə iki od arasından keçərək özünü təmizləməsinin vacibliyini söyləmişlər, odla arınma mərasimi baxşilər tərəfindən həyata keçirilmişdir. Odla arınma mərasimləri monqolların islamı qəbul etmələrindən sonra da eyni şəkildə davam etmiş, müsəlman xanlar dövründə də odla arınma mərasimlərinin olduğu görünmüşdür. Sultan Ölcaytunun Gilan bölgəsində yağışlı bir gecədə əyləncə zamanı mühafizəçilərinin üzərinə ildırım düşmüş və bu durumu baxşilər uğursuzluq sayaraq onun od üzərindən keçməklə arınmasını istəmişlər.
Beləliklə, türkün tarixində məlum olan iki od arasından keçmək hadisəsi var. Bu hər halda yeni qapıların açılmasının təzahürüdür.