Qaçaq Soltan hekayəsi

(Nəvəsi 51 yaşlı Soltanın dilindən yazıya alınmışdır)
Qaçaq Soltan çox mərd, qorxubilməz, sərrast güllə atmaq bacarığı olan həm də ədalətli bir insan kimi xatırlanır. Bu kitabda barəsində yazı getmiş Pəhləvan Abdulun bacısı Xədicənin oğlu olur. İlk dəfə məhkumluğu 1932-ci ildə olub. Deyilənə görə bolşevik ordusundan bir dəstə kəndə gəlib. Məqsəd kollektivləşmə prosesinə kəndliləri hazırlamaq olur. Həm də kənddə heyvan-qarası olan, bir az böyük evi olanların siyahısı götürülüb. Bu hərbi dəstənin tərkibində ermənilər də varmış. Çox vaxt başımıza bəla olan adətimizə görə hansı evdə siyahı edirlərsə, onlara çay süfrəsi açılır, hətta bir az imkanı olanlar yemək də təklif edirdi. Növbəti siyahılaşma Soltangilin ya evində, ya da qonşuluğunda olur. Dəstə həyətə daxil olan kimi dəstədən bir neçə nəfər Azərbaycanca belə mahnı oxuyur:
Samovarı alışdıraq
Qız-gəlini çalışdıraq.
Dəstədə Azərbaycan dilini bilən yalnız ermənilər idi. Bu sözlər Soltan və qardaşı Xanların heysiyyatına toxunur. Kəndin cavanlarından bir dəstə toplayıb hərbi dəstəni cəzalandırmaq qərarına gəlirlər. Fürsət tapıb içərisində həmin ermənilər də olmaqla beş-altı nəfərini möhkəmcə əzişdirirlər. Beləliklə davada xüsusi fəallıq göstərən Soltanı və qardaşı Xanları həbs edirlər. Məhkəmənin qərarı ilə Soltana iki il, Xanlara isə 6 il iş verirlər. Tezliklə məhkumları cəzalarını çəkmək üçün Özbəkistana göndərirlər. Qardaşlar bir-birinə çox oxşayırlar. Soltan tutularkən üç oğlu olur, qardaşı Xanlarınsa oğlu olmur. 1934-cü ildə Soltanın məhkumluq vaxtı sona çatır. Lakin o, öz yerinə qardaşını azad etdirir. Səbəb isə qardaşının oğlu olmaması olur. Xanlar həbsdən azad olur və kəndə qayıdır. Xanların azad olmasından 5-6 ay keçdikdən sonra tərkibi 26 nəfər Azərbaycanlıdan ibarət məhbus həbs düşərgəsindən qaçmağa müvəffəq olur. Qaçaq dəstəsinə başçılığı Şamaxıdan olan çox savadlı, zirəng bir adam olur. Qeyd etmək yerinə düşərdi ki, qaçaq Soltan ölənə qədər qaçaq yoldaşlarının heç birinin adını ən yaxın adamlarına, ailə üzvlərinə belə deməmişdi. Həbs düşərgəsindən qaçanların əsas planı tezliklə Azərbaycana gəlmək olub. Xəzər dənizinin şimalından sovet hökumətinin ərazisi ilə gəlmək olmazdı. Təhlükəli idi. Nisbətən təhlükəsiz marşrut yalnız cənubdan – Türkmənistan çöllərindən keçməklə İran ərazisindən mümkün idi. Həmin marşrutla da dəstə 7 ay müddətinə gəlib Azərbaycana çatır. Dəstə üzvlərindən cəmi 14 nəfərə bu qismət olur. 12 nəfər bu uzun, məşəqqətli yolda canını tapşırır. Həmin 14 nəfərdən də 3 nəfər Kür çayını keçərkən boğulur. Gəldikləri gündən, təxminən 1935 – ci ilin əvvəlindən, qaçaqlıq etməyə başlayırlar. Əsas fəaliyyət dairəsi Qəbələ, İsmayıllı, Ağsu və Şamaxı əraziləri olub. Çox güman ki, bu fəaliyyət dairəsi həmin 11 nəfərin adı çəkilən ərazilərdən olmaları ilə əlaqədardır. Mövcud quruluşa qarşı primitiv qaydada mübarizə aparmaları ilə bərabər, 1937-ci il repressiya qurbanlarının ailələrinin, sonradan isə cəbhədə olan əsgərlərin ailələrinin namusunu öz namusu biliblər. Onların qorxusundan bir nəfər vəzifəli ya vəzifəsiz həmin ailələrə güldən ağır söz deyə bilməzdi. Əsas “qərargah”ları Şamaxı rayonunun Çağan kəndi ətrafı meşəliklər olub. Dəfələrlə birlikdə, ya da ayrı ayrılıqda pusquya, mühasirəyə düşsələr də sağ qalmağı, ələ düşməməyi bacarıblar. Sovet NKVD-si, yerli donos daşıyanları həmin qaçaqları illərlə izləsələr də, onlara qarşı əməliyyat planı qursalar da heç birini sağ ələ keçirə bilməmişdi. Qaçaq Soltan 1943-cü ildə hökumət üzvləri ilə atışmada snayper gülləsinə tuş gəlir.

share.in.social