Pəhləvan Abdul barəsində indiyə kimi çox rəvayətlər vardır. Həmin rəvayətlərdən biri belədir:
Altıaylıq Bakılı Pəhləvanla güləşməyidir. Bizdən yaşlıların söyləməsinə görə Abdulun Mədəd adlı bir bacısı oğlu olur. Yetənə yetirmiş, yetməyənə daş atırmış. Dayısından fərqli olaraq bu dil pəhləvanı imiş. Həm də uzaqdan-uzağa söyüş söyməyi də varmış. Gəgəli kəndi tarixi iki yolun kəsişməsində yerləşir. Biri Xan yolu – Şirvan hökmdarlarının qərbə doğru, Gəncə istiqamətinə aparan yolu, digəri isə Bakıdan Ləngəbiz sıra dağlarının ətəyi ilə gəlib kəndin içindən keçib həmin Xan yoluna qovuşan tarixi Dib yolu (dağ dibi olduğuna görə). Bakıdan nöyüt (neft), duz və s. məhsullar gətirən dəvəçilər bu Dib yolu ilə gəlib gedirdilər. Həmin yolla Bakıya qayıdan dəvəçilərdən biri Mədətin “qəzəbinə” gəlir. Gendən görən kimi söyməyə başlayır. Kimi söyürdüsə ən çox həmin adamın dayısını söyürdü ki, o da bunun dayısını söysün. Çünki, pəhləvan dayısına şikayət etməyə əsası olsun. Dəvəçi də Mədətin söyüşünə heç əhəmiyyət vermir. Mədət də onun lal-kar olduğunu zənn edir. Dəvəçinin lap yanına gəlir. Dəvəçi də qəflətən onu tutur salır bir boş çuvala, bir başı qalır çöldə, bağlayır dəvənin üstünə. Nə qədər yalvarır-yaxarır dəvəçi əhəmiyyət vermir. Bu hadisə kəndin günbatan tərəf girəcəyində olur. Mədət görür iş başqadır, dəvəçi bunu buraxmayacaq. Dayısı pəhləvan Abdulun evi də həmin yolun üstündə olur. Dayısının evinin yaxınlığına çatan kimi qışqırır: “Ay dayı, qadoy alım, gəl, məni aparıb öldürəcəklər.” Təsadüfdən həyətdə olan Abdul bacısı oğlunun səsini eşidir. Xasiyyətinə bələd olduğu üçün əvvəl əhəmiyyət vermir. Lakin görür ki, bu haray o haraylardan deyil. Tez yola çıxır bir enlikürəkli, cüssəli bir dəvəçinin bacısı oğlunu çuvala salıb apardığını görür. O, dəvəçidən bacısı oğlunu buraxmağı tələb edir. Dəvəçi isə yaxınlaşıb ədəblə salam verir və hadisənin necə olduğunu danışır.
- Bunu sənə verməyəcəyəm. Aparıb Qabıstanın çöllərində buraxacam, qoy, qurda, quşa yem olsun.
- A kişi, ağıllı ol, uşağa baş qoşma, bir qələtdi eləyib. Burax uşağı. (uşaq da evli-eşikli kişidir).
- Onda, gəl belə edək, - dəvəçi deyir - bura kəndin içidir, çıxaq kənara orda güləşək məni yıxsan uşaq da sənin, dəvə də.
Razılaşırlar. Kəndin günçıxan tərəfində qəbiristanlığın yanında güləşirlər. Abdul dəvəçini məğlub edir. Dəvəçi deyir:
- Mənə Bakı zonasında Maştağalı Altıaylıq Pəhləvan deyirlər. Məğlub olmağım yadıma gəlmir. Sən ki məni yıxdın bu uşaq da azaddır, bu dəvə də, yükü də atanın əməyi, ananın südü kimi halalın olsun.
Abdul isə dəvədən imtina edir. Bacısı oğlunu azad edib geri qayıdır.
- Yaşlı adamların söyləməsinə görə, o hadisədən sonra onlar dost olurlar. Abdulun o dəvəçinin qonağı olması xatırlanmasa da onun bu tərəflərə yolu düşəndə Abdulun həyətində dəvəni xıxırtması (əyləməsi) tez-tez olurmuş.