Gəgəlinin tarixi abidələri

Şirməmməd körpüsü - kəndin içərisində, böyük Qobu üzərində salınmışdır. Kolxoz sədri Şirməmməd Məmmədovun təşəbbüsü və yardımı sayəsində tikildiyindən onun adı ilə adlanmışdır.


Uzun Ata piri - Gəgəli kəndində ölən körpə uşaqları bu pirin ətrafında dəfn edirlər. Kəndin yaşlı sakinlərinin Uzun Ata pirinin tarixinə dair bilgiləri yox dərəcəsindədir. Söylənən rəvayətə görə pir, Həzrət Babanın dəstəmaz aldığı yerlərdəndir. Bakı xanı Hüseynqulu Xana "Uzun Ata" türklərinin bir ağ at peşkəş gətirmələri haqqında rəvayət də maraqlıdır.

 

Şıxəlibəyli arxı - Cavanşir su anbarından başlanan arxlardandır. Şıxəli bəyin adı ilə bağlıdır. Şıxəli bəy Şirvan xanlarının nəslindən olub, 1763-1817-ci illərdə yaşamışdır. Atası Məmmədhüseyn bəy Allahverdi bəy oğlu, anası Mahı xanım iranlı Əhməd xan qızıdır. Şıxəli bəy Mustafa xanın (1792-1820) sərkərdələrindən olmuş, Şəkiyə naib təyin edilmişdir (üç ay). Üç oğlu (Hüseyn bəy, Nuh bəy, Şahbaz bəy) və bir qızı (Bədirnisə xanım) vardı. Şamaxıda, Günbəzlər qəbristanlığında dəfn edilmişdir. Buradakı salamat qalan günbəzlərdən biri Şıxəli bəyə və ailəsinə məxsusdur. Gəgəli kəndi ərazisindəki Şıxəlibəyli düzü də onun adı ilə bağlıdır (videoya bax: https://www.youtube.com/watch?v=3wSji1wzaMo)


Zeyvə nənə türbəsi - Zeyvə nənə zikrçilər məktəbinin şeyxlərindən olan Şeyx Eyyub babanın nəslindəndir. 1918-ci ildə erməni-müsəlman davası zamanı Göyçaydan Şamaxıya dönərkən vəfat etmiş və müridlərinin kəndi hesab olunan Gəgəlinin qəbristanlığında dəfn edilib. Qəbrinin üzərində Gəgəli kənd sakinləri türbə tikiblər. Yerli sakinlər tərəfindən ziyarət olunur.


Sulu dəmrov piri - Gəgəli kəndinin Şərifli təbəhi öz ruhaniliyi ilə fərqlənmişdir. Molla İsa həmin təbəhin ən tanınmışıdır. Sağlığında insanları elmə, maarifə, haqqa, ədalətə çağırmış, öz əməli ilə başqalarına nümunə olmuşdur. Öldükdən sonra insanların ona qarşı məhəbbəti davam etmiş, qəbrini və evini daim ziyarət etmişlər. Molla İsanın evi Gəgəli kənd orta məktəbinin ilk binası olmuş, ilk məzunlar burada təhsil almışlar.

 

Göyərən ağac piri - Hacı Şərifın adı ilə bağlı olan pirin "Göyərən ağac" adlanması onun kəraməti ilə bağlanır. Belə ki, Hacı Şərifin ruhaniliyinə inanmayan şəxslərin gözü önündə yanan odun parçasını yerə basdırmış, müəyyən müddət sonra odun parçasından ağac göyərmişdir. O vaxtdan gəgəlilər Hacı Şərifə və onun nəslinə ehtiram bəsləmişlər.
 

share.in.social