Gəgəli kəndinin bəzi təbiət abidələri aşağıdakı kimidir:
Dərəbulağı - çox səfalı bir yerdədir. Ətrafı azca sıldırım qayalar əmələ gətirən əhəng süxuru ilə əhatələnmişdir. Qədimdən Şamaxıya gedən yollardan biri buradan keçərdi. Yolçular burada dayanar, dincələrdilər. Əvvəllər saxsı tünglərdən, indi isə dəmir borulardan axan Dərəbulaq suyunun tərkibində qoxu verən minerallar vardır. Bulağın yaxınlığında gəgəlilərin və digər kəndlərin evlərin divarını və döşəməsini şirələmək üçün istifadə etdikləri «Şirəlik» mədəni vardır.
Qaraquş zirvəsi - Gəgəli kəndindən üfüq xəttində görünən ən hündür zirvədir. Qaraquşun adındandır.
Həsən bəy düzü - əkin yeridir. Mülkədar Həsən bəyin adı ilə bağlıdır. Həsən bəy Gəgəli kəndindən olmamışdır.
Umud bəy düzü - əkin yeridir. Şirvanın varlı bəylərindən, Xançoban mahalının naibi Məlik Umud bəyin adı ilə bağlıdır.
Şamı dərəsi - Şamı adlı şəxsin adı ilə bağlıdır. Dərənin şərq kənarında qədim Nərgizava qəbirisitanlığı yerləşir.
Salman dərəsi - Salman adlı şəxsin adı ilə bağlıdır. Dərənin qərb kənarında qədim Nərgizava qəbrisitanlığı yerləşir.
Yasamal qobusu - Gəgəli və Bico kəndləri arasından keçən ən dərin dərədir. Onun düzə çıxan yerində qədim Nərgizava yaşayış yeri yerləşir.
Gəgəli yaylağında yer adları
1. Müslüm arxacı;
2. Məmmədkərim bulağı;
3. Şakəm yaylağı;
4. Varna yaylağı (bura milçək bol olduğu üçün Milçəkli yaylaq da deyilirmiş);
5. Sarı bulaq;
6. Adnalı yaylağı;
7. Cövdalı yaylağı;
8. Şərfalı bulağı;
9. Pirhadır gölü;
10. Nehrə bulağı.