Gəgəli kəndi

Gəgəli kəndində on altı təbəh vardır: l. Sarılı; 2. Təhməzli; 3. Məmmədli; 4. Çobantəpəli; 5. Nağılı; 6. Daşdəmirli; 7. Məmmədyarlı; 8. Gülalılı; 9. Döşobalı; 10. Həşimxanlı; 11. Bağırlı; 12. Haputlu; 13. Eyvazlı; 14. Şərifli; 15.    Mehralılı; 16. Qasımlı. Təbəh-nəsillərin əksəriyyəti antroponimdən (şəxs adı), yalnız Çobantəpəli Çobantəpəsi qışlağının, Döşobalı coğrafı anlamın, Həşimxanlı və Haputlu isə eyniadlı obaların adından yaranmışdır.


1918-20-ci illərdə Azərbaycan Respublikası ordusunun sıralarında Gəgəli kəndinin kişiləri də xidmət göstəriblər. Onların sayını dəqiq bilməsək də, Məmmədsadıq Sadıqov (zabit), Əlmusa Cəbiyev, Allahverən Eminalı oğlu, Yusif Cəbrayılov, Köşək Musa oğlu, Omar Məmməd oğlu və başqaları kəndimizdə Musavat əsgərləri kimi xatırlanır.


XX əsrin əvvəllərində qonşu Xankəndi, Dərəkərkənc və başqa kəndlərdə yaşayan ermənilər havadarlarının köməyi ilə kəndimizə basqınlar etmiş, qan tökmüşlər. Lakin Gəgəlinin Səfər kimi mərd oğulları onların layiqli cavabını vermişdir. Ermənilər o vaxtdan Səfər adının çəkilməsinə belə qıcıqlanmışlar. Kənd sakinlərinin ümidsiz vaxtlarında türk əsgərlərinin gəlib çıxması da gəgəliləri ruhlandırmışdı.


Gəgəli kəndində şura hökumətinin və kollektiv təsərrüfatın yaranmasının tərəfdarları olduğu kimi çoxlu əleyhdarları da vardı. Belə ki, Gəgəli sakini Qaçaq Soltan əldə silah sovet hakimiyyətinə qarşı mübarizə aparanlardan olmuşdur. Onunla döyüşmək üçün xüsusi dəstə də göndərilmişdi. Soltan həmin dəstə ilə uzun müddət vuruşmuş və həlak olmuşdur.


Gəgəli kəndinin sakinləri II dünya müharibəsi zamanı həm ön, həm də arxa cəbhədə fəal iştirak etmiş, şücaətlər göstərmişdir. Həlak olan, yaralanan, itkin və əsir düşən Gəgəli övladları daim qəhrəmanlığın rəmzi kimi yad olunmuşdur. Bu qəhrəmanlardan biri, kəndimizin ağsaqqalı, veteran Ağarəhim Nəbiyev (filmə bax: https://www.youtube.com/watch?v=XAIn7qD5BB8) müxtəlif fəxri adlara layiq görülmüşdür. Onun şərəfli ömür yolu gənclərə vətənpərvərlik nümunəsi olub.


"Gəgəli çörək verən kənddir" el misalının yaranması XX əsrin 40-cı illərinə, Şirməmməd Məmmədovun kolxoz sədrliyi dövrünə təsadüf edir. Zəhmət və tələbkarlıq səmərəsini vermiş, ölkədə aclığın tüğyan etdiyi bir vaxtda gəgəlilər qonşu kənd və rayonlara da yardım göstərmişdilər. Şirməmməd Məmmədov, oğlu Ələsən Məmmədov Gəgəli kəndində çoxlu sayda xeyirxah işlər görmüş, kəndimizin fəxri rəmzinə çevrilmişlər.


Birinci Qarabağ müharibəsində kəndimizin say-seçmə cavanları vuruşmuş, qan tökmüş, can qoymuş, şəhid düşmüşdür:
Mütəllimov Sahib Fəxrət oğlu
Musayev Həqiqət Gülağa oğlu
Hacıyev Sərdar Heybət oğlu
Gərayev Cəbrayıl Ağababa oğlu
Talışov Namiq Mürşüd oğlu
Quliyev Şahin Tarverdi oğlu
Şirvanov Elçin İbadulla oğlu
Cərullayev Elçin Mövsüm oğlu
Mütəllimov Mətləb Mütəllim oğlu.


İkinci Qarabağ müharibəsində şəhid olan zəfər qəhrəmanlarımız var:
Məmmədyarov Mürvət Güloğlan oğlu
İbişov Vüsal Əli oğlu
Süleymanlı Elmir Aqil oğlu
Quluzadə Kamran Pərviz oğlu.
Allah bütün şəhidlərə rəhmət eləsin!


Gəgəli kəndində iki orta məktəb var. Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbi XX əsrin 20-ci illərində açılmışdır. İlk məktəb binası Molla İsanın evində, sonralar həmin evin yaxınlığında tikilmiş geniş kompleksdə olmuşdur. Məktəbin məzunları Bakıda, Ağsuda, Şamaxıda, respublikanın digər şəhər və kəndlərində fəaliyyət göstərirlər. Onlardan ali məktəb bitirənlər, alimlik dərəcəsi alanlar vardır. Məktəbin müəllimləri isə əsl fədakar insanlardır. Maarifpərvər insan, əməksevər müəllim Mütəllimov Şakir uzun müddət Gəgəli kənd orta məktəbinin direktoru olmuşdur. Hazırda məktəbin direktoru Mikayılov Vəlican müəllimdir.


Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbi getdikcə böyüyən kəndin ehtiyacını bir məktəb ödəyə bilmədiyindən, XX əsrin 90-cı illərində açılmışdır. Məktəbin direktoru Abdullayev Sabit müəllimdir.


Gəgəli kənd xəstəxana-ambulatoriyası şəhid Sərdar Hacıyevin adını daşıyır. Ambulatoriyanın yarandığı ilk vaxtlardan, uzun müddət Cəlilov Fazil tək həkim-feldşer olmuşdur. Onun kənd səhiyyəsindəki əməyi təqdirəlayiqdir. Hazırda kənd sakinlərinə ilk tibbi yardımları göstərən bu səhiyyə müəssisəsində həkim Talıbov Arifin rəhbərliyi ilə savadlı səhiyyə işçiləri toplanmışdır. Kənd əhalisinin tibbi savadının yüksəldilməsi sahəsində də işlər görülür.


Kəndimizin Molla İsa kimi ruhani şəxslərinin Molla Musa, Molla Elvin kimi ardıcılları var. Onların əməyi sayəsində Gəgəli kəndində dindar sakinlərin rahat ibadət edə bilmələri üçün məscid layihəsi də təklif olunub. Ayrıca məscid binasının tikilməsi və kənd sakinlərinin dini biliklərinin artırılması zərurəti hiss olunmaqdadır.
 

share.in.social