Elin yaddaşında qalanlar

Sofu (sufi) Mikayıl baba – XIX əsrin əvvəllərində Gəgəlidə yaşamış öz ibadəti, pəhrizkarlığı və halallığı ilə tanınan kəramətli sofulardan biri olub. Şirvanın tanınmış şeyxi Şeyx Eyyubun müridi olmuşdur. Kənddə bu gün də söylənilənlərə görə Sofu Mikayıl baba can üstə olur. Yanındakılardan bir nəfər suşur ki, “Baba, səni harda, kimin yanında dəfn edək?” O isə əhvalını pozmadan belə cavab verir: “Məni yuyun, kəfənləyin bir dəvənin üstünə bağlayın, dəvə hara qədər getsə, harda yatsa orda da dəfn edərsiniz”. Belə də edirlər. Deyilənlərə görə dəvə Gəgəlidən çıxıb şərq istiqamətinə yönəlir. Dəvə dayanmadan Dib yolu (Ləngəbiz sıra dağlarının ətəyi, dibi ilə Bakı istiqamətinə uzanan tarixi yol) ilə gedərək Göylərdən (Şamaxı rayonu) Pirsaat çayını keçib (təxminən 40 km) Acıdərə Şeyxinin (yəni Şıx Eyyubun) qəbrinin ayaq hissəsində yatır. Dəvəni müşayət edənlər həmin yerdə qəbir qazıb Mikayıl babanı dəfn edirlər. Həmin qəbir bu gün də ordadır.

Absalam baba - XIX əsrin sonu, XX əsrin əvvəlində (ölümü 1943-cü il) yaşayıb. İbadəti və pəhrizkarlığı ilə tanınan fərqli bir şəxs olub. Yanına gələn xəstə insanlar onun duası və Allahın izni ilə şəfa tapırmış. Bir dəfə özü haqqında danışarkən ətrafındakılardan ona şəkk edirlər. O da ətrafına baxaraq odun üstündə su ilə dolu qazanın qaynadığını görür. Hamını gözü qarşısında qollarını çırmalayaraq qaynayan qazanı qarışdırır. Şəkk edənlərin hamısı heyrətlənirlər.

Barəsində ikinci hadisəni 92 yaşında dünyasını dəyişmiş İslam oğlu Məmmədkərim (1907-1999) danışıb. Onun dediklərini oğlu Aləm belə xatırlayır: “1941-1945-in davasında almanlara əsir düşdüm. Konslagerdə belimdən yel xəstəliyi tutdu. Ayaqlarım sanki iflic olmuşdu. Yeriyə bilmirdim.Yuxumda Absalam babanı gördüm. Halımı xəbər aldı. Ağlaya-ağlaya dərdimi danışdım. Məni dinlədikdən sonra bərk səslə dua etdi. Səsi indiyə qədər qulaqlarımdadır. Yuxudan ayılarkən bədənimdə olan bütün ağrıların getdiyini gördüm. Hamı, hətta almanlar da mənim dünənki günümlə bugünkü günümün fərqinə məəttəl qalmışdı. Hayıf ki, alman dilini bilmədiyimdən o kişinin (Absalam babanın) kəramətini onlara anlada bilmədim.”

Qızqayıt xanım - 1960-cı illərin sonunda dünyasını dəyişib. Təzə gəlin olanda əri dünyasını dəyişən bu xanımın övlad tərəfdən də bəxti gətirməyib. Yeganə övladı Carasbay çox gənc yaşında nişanlı olarkən facıəli şəkildə dünyasını dəyişir. Qızqayıt xanım bütün varidatını, evini, həyətini sataraq oğlunun xatirəsinə körpü saldırır. 1930-cu illərdə tarixi Xan yolunun üstündə salınan bu körpü keçən əsrin sonlarına qədər istifadədə olub. İndi həmin yol işlək olmadığı üçün, həm də baxımsızlıq üzündən tamamilə yararsız haldadır. Körpü bu gün də Qızqayıt körpüsü yaxud da Qarı körpüsü kimi tanınır.

Mədətov Nurəhməd Bəyalı oğlu – 1930-cu ildə Gəgəlidə anadan olub. 1987-ci ildə 57 yaşında vəfat edib. Gənc yaşlarında köçüb Bakı şəhərində yaşayıb. Neftçi olub. Bakıda yaşamasına baxmayaraq 1978-ci ildə kənddən xeyli aralı, dağlıq ərazidə yerləşən, tamamilə yararsız, istifadəsi mümkün olmayan tarixi Bəy bulağını öz şəxsi vəsaiti hesabına bərpa edir. Bərpa zamanı bütün işləri (fəhləlik, ustalıq, əl ilə qazma işlərini) 14 yaşlı qız övladı ilə birlikdə edir. Çox sərin, şirin suyu olan Bəy bulağından indi də içənlər Allahdan Nurəhməd kişiyə rəhmət diləyib ruhuna salavat çevirirlər.

Nəhmət oğlu İslam – 1870-ci ildə anadan olub, 1988-ci ildə vəfat edib. Bir gün də xəstə yatdığı heç kəsin yadına gəlmir. Ölən gününə kimi əli işdən ayrılmayıb. Əyninə yalniz toxunma və dəri paltar geyib. Həyati boyu spirtli içkilərdən və siqaretdən istifadə etməyib. Son gününə kimi çarıqla gəzirdi. Onunla bağlı bir epizod dəqiq yadımdadır: 1980-ci ilin yanvar ayının 14-də qonşuluqda İslam kişinin həmtaylarından biri rəhmətə getmişdi. Rəhmətə gedənin vəsiyyətinə görə onun meyitini İslam kişi yuyur. Adətə görə meyit yuyulandan sonra onu yuyan mütləq çimib qüsullanmalıdır. İslam kişiyə təklif olunanda ki, isti su ilə yuyunsun. O, isə cavabında deyir: “Nə? Atasına lənət indiyə kimi bədəninə isti su vuranın!” Vedrəni götürüb evin navalçalarının birinin suyu yığılan boçkanın buzunu sındırıb doldurur. Sonra tövlənin bir otağına girib orda yuyunub çıxır. Onda İslam kişinin şəxsiyyətini təsdiq edən sənədlərə əsasən 110 yaşı olub. Qarlı havada isə temperatur -8-10 dərəcə idi.

share.in.social