Binaslı qızı Şahnı hekayəsi

Binaslı kəndi təxminən 150-200 il əvvəl Gəgəli kəndindən 4 km şimalda indiki Böyük Nohur adlanan ərazidə olub. Yaşlıların deməsinə görə 1850-ci illərdə baş vermiş zəlzələdən sonra o kənd tamamilə xarabazara çevrilmiş və əhalisinin sağ qalan hissəsi Göyçay rayonu ərazisinə köçmüşdür.
Qələmə aldığımız bu hadisəni həmin Binaslı kəndindən qaçırılan Şahnının 8-ci mərhələ nəvəsi, 60 yaşlı Mikayılov Ağabala Kərim oğlu danışmışdır. Onun söyləməsinə görə ulu babası Hacı Alcan kişi çox yaraşıqlı, boy-buxunlu bir adam olub. Gənc olanda Binaslı kəndinin ətrafındakı meşəliklərə ova çıxıbmış. Möhkəm susadığına görə kəndin yaxınlığındakı bulağa su içməyə enir. Binaslı kəndinə yaxınlaşanda kənddən musiqi səsi eşidir. Deməli, kənddə kiminsə toyudur. Nəhayət bulağa çatanda görür ki, bulağın üstündə bir qız su doldurur. Etika xətrinə atdan düşərək xeyli kənarda dayanıb qızın səhəngini doldurub getməsini gözləyir. Səhəngin su ilə dolub daşdığı aydın görünürdü. Ancaq qız yerindən tərpənmirdi. Bu kişi də susuzluqdan dil-dodağı qurusa da, ədəbsizlik edib yaxınlaşmaq istəmir. Nəhayətdə qız dilə gəlir:
- Ey cavan, çəkinmə yaxın gəl, - deyir.
Qız da görkəmli, gözəl-göyçək bir qız olur. Bu da yaxınlaşır. Qız deyir:
- Bax, o toy səsin eşidirsən? O mənim toyumdur. Sabah gəlin köçəcəyəm. Məni məcburi öz əmim oğluna verirlər. Ancaq mən ona getməyəcəyəm. Ya özümü öldürəcəyəm, ya da əgər xoşuna gəlirəmsə, gecə Ay Qaraquşun (Qaraquş - Binaslının şımal-şərq istiqamətində dağ zirvəsidir) arxasından çıxanda səni bu bulağın başında gözləyəcəm, cürətin çatsa, gəl, məni apar.
Qız bu sözləri deyəndən sonra cavab gözləmədən səhəngini götürüb gedir. Alcan kişi də quruyub yerində qalır. Bir müddət sonra özünə gəlir, doyunca su içir, atını sulayır. Atı yedəyincə çəkə-çəkə olanların yuxu ya da aşkar olduğunu varavurd edir (aydınlaşdırmaq istəyir). Tanımadığı, ömründə görmədiyi bir qız bəndənin birdən-birə belə təklif etməsini heç cürə ağlına yerləşdirə bilmirdi. Ancaq qız hədəfi dəqiq nişan almışdı. Ayaqları getsə də özü heç getmək istəmirdi. Qızın dediyi “cürətin çatsa, gəl məni apar” cümləsi ona lap yer edirdi. Binaslıdan xeyli aralanmışdı. Gün günorta yerindən əyilib qüruba doğru gedirdi. Binaslı yolunun Xan yoluna (Xan yolu – Şamaxıdan Yeni Şamaxıya, indiki Ağsuya, ümumiyyətlə Gəncə istiqamətinə, qərbə doğru aparan yol. Qeyd etmək yerinə düşər ki, indiki Ağsu aşırımı çəkilməmişdən əvvəl əsas gediş-gəliş yolu idi. Gəgəli kəndinin bir kilometrdən də az şimalından keçir) çatağında, Qatır Uçan deyilən yerdə atını mıxabənd edir. Yemişanın kölgəsində uzanıb olanları ən xırda detalına qədər xatırlamağa çalışdı. Yenə gəlib həmin cümlənin üstündə dayandı: “cürətin çatsa, gəl, məni apar...” Birdən diskinib yuxudan ayılan kimi dikəlib oturur. Öz-özünə “Cürətim var, aparacağam! Görüm, sənin necə bulağın başına gəlməyə cürətin çatacaqmı?” - deyə qəti qərar verir. Gəgəli kəndinə qayıtmır. Oturub Ayın Qaraquşun arxasından çıxmasını gözləyir. Ay Qaraquşun dalından görünər-görünməz atını minib dördnala Binaslı bulağı istiqamətinə çapır. Çatanda nə görsə yaxşıdır? Qız bulağın başında bunu gözləyir. Deyilənə görə heç biri bir kəlmə söz demədən qızı tərkinə alır və öz evinə gətirir.
Ağabala müəllimin dediyinə görə o qadını nəslinin özündən əvvəlki nümayəndələri də hörmət və ehtiramla xatırlayırdılar. Çox ciddi, sədaqətli bir xanım olub. Evliliklərindən iki qız övladı olur. Alcan kişi Məkkəni ziyarətə gedərkən ürəyindəki ən vacib diləyini dilə gəlir: “ Ya Rəbbim, mənə vecsiz, adbatıran oğul verəcəksənsə, heç vermə!” Doğrudan da o kişinin oğlu olmur. Binaslı kəndinin sonunu gətirən dəhşətli zəlzələdən Şahnının bütün əzizləri həlak olur. Sağ qalan yeganə kiçik yaşlı qardaşı olur. Onu oğul əvəzi böyüdürlər. Təəsüflər ki, onun da gələcək taleyi barədə heç kəs heç nə xatırlamır.

share.in.social