Oktyabrın 30-da Aktiv Türk Dərnəkləri Birliyinin üzvləri olan 28 nəfər belçikalı tələbə və gənclər, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti, Odlar Yurdu Universitetinin 30 nəfər azərbaycanlı tələbələri, Ağsu rayonu və Gəgəli kəndinin 32 nəfər sakini üçün (cəmi 90 nəfər) Ağsu rayonu Gəgəli kəndində yeni qurulan "Tərəkəmə yurdu" folklor turizmi məkanına infotur təşkil olunub.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin maliyyələşdirdiyi “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi" layihəsinin rəhbəri, Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin bələdçiliyi ilə infotur iştirakçıları əvvəlcə Gəgəli kəndinin Şəhidlər xiyabanını ziyarət ediblər. Fariz Xəlilli xarici və yerli iştirakçılara kəndin 13 şəhidi haqqında məlumat verib.
Tərəkəmə yurdu folklor turizmi məkanında dairə vuran iştirakçılar əvvəlcə "Çırpınırdın Qara dəniz" mahnısını birlikdə səsləndiriblər. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli iştirakçılara bildirib ki, belçikalı və azərbaycanlı tələbələrin bu məkana səfərləri Tərəkəmə yurduna ilk infoturdur. “Tərəkəmə yurdu” folklor turizmi məkanının ideyası, layihənin məqsədi, festival meydanı, səhnə, çadırlar, qazma ev, ənənəvi üslubda heyvan nümayiş mərkəzi, tərəkəmə folklor nümunələri haqqında danışan Fariz Xəlilli layihənin davam etdiyini, tanıtım üçün müxtəlif müsabiqə, olimpiada, marafon, aksiya, sərgi, infotur keçirəcəklərini vurğulayıb. O, vurğulayıb ki, burada təqdim olunan maddi və mənəvi mədəni irs elementləri folklor nümunəsi olmaqla yanaşı, yazılı qaynaqlara əsaslanır. Bu gün iştirakçılara təqdim olunan milli yemək növləri - əriştə və düyü (plov) məhz məşhur səyyah İbn Bəttutənin XIV əsrdə türk obaları arasında yediyi və təsvir etdiyi yeməklərdir.
Fariz Xəlilli Gəgəli kəndi ərazisində yerləşən antik dövr və ilk orta əsrlərə aid olan Nərgizava nekropolu, oradan aşkar olunan maddi-mədəniyyət nümunələri haqqında geniş məlumat verib. O, kənd ərazisində yerləşən Türküstanlı Xoca Əhməd Yəsəvinin xəlifələrindən Uzun Atanın məqamı, Hülakü hökmdarı Sultan Mahmud Qazan xanın inşa etdirdiyi Qazan arxı, xəlvətilik sufi məktəbinin qurucusu Pir Ömərin təşəbbüsü ilə çəkilən Ömər Lahıci arxı haqqında da danışıb. Fariz Xəlilli Göytürk və Monqol xaqanlıqlarından günümüzə gəlib çatan mənəvi-mədəniyyət nümunələrini - iki od arasından insan və heyvanların keçirilməsini tarixi mənbələr və yerli ayinlər əsasında iştirakçılara tanıdıb. O, bildirib ki, tarixi İpək yolunun məhəlli qolunun Şamaxı və Ağsu arasındakı hissəsi karvan, dəvə, dib yolu adı ilə məhz bu kənddən keçib.
İştirakçılara milli oyun Çilinağac oyunu təqdim edilib. Əvvəlcə kənd ağsaqqalı Musa Musayev çilinağac oyunu və şərtləri haqqında qısa məlumat verib. Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının baş müəllimi Xəyyam Orucovun nəzarəti altında belçikalı və azərbaycanlı tələbələr, kənd sakinləri komanda yaradaraq Çilinağac oyununu oynayıblar. İştirakçılara at minmək və çapmaq üçün şərait yaradılıb. Çadırlarda yerli palaz və lay nümunələri təqdim olunmaqla yanaşı, onların toxunması texnologiyası haqqında məlumat verilib.
İnfoturun sonunda xatirə fotosu çəkilib.
Ağsu rayonu Gəgəli bələdiyyəsinin “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi" layihəsi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən maliyyələşdirilir.